Просмотр содержимого документа
«SEVIMLI ATA, UNUDULMAZ MÜƏLLiM»
SEVIMLI ATA, UNUDULMAZ MÜƏLLİM.
O, 1920- ci ilin dekabrında Şamaxı ( Mərəzə) rayonunun Dağ- Kolanı kəndində dünyaya göz açmışdır. 1994- cü ilin soyuq yanvar ayında ömrünün 74-cü ilində özünə yurd seçdiyi Hacıqabul rayonu Meynəman kəndində əbədiyyətə qovuşdu. Bu yaxınlarda atamın arxivində səliqə- səhman yaradarkən birdən əlimə istedadlı alim,coğrafiya elmləri namizədi Nurəddin Bəndəliyevin “Dağlıq Şirvanda landşaftların toponimik üsulla öyrənilməsi” kitabı keçdi.İlk səhifəsini açan kimi müəllifin öz xətti ilə yazdığı avtoqraf diqqətimi cəlb etdi.Avtoqrafda yazılmışdı: “İlk dəfə mənə qələm tutmağı öyrədən sevimli Əsəd müəllimə həyatım boyu minnətdaram.”Qeyri-ixtiyari olaraq xəyala daldım. Bir anlığa keçmiş illəri xatırladım.
Qərara gəldim ki, faşizm üzərində Qələbənin ildönümü ərəfəsində atamın ömür səlnaməsini bir daha vərəqləyim. Müxtəlif sənədlərə, fotoşəkillərə baxa-baxa atamın ömür yolunu gözlərim önündə canlandırdım.
Atam, Əsədov Əsəd Məşədi Səftər oğlu 50 ildən artıq pedaqoji sahədə çalışmış, işlədiyi məktəblərdə həmişə ən çox sevilən müəllimlərdən biri olmuşdur. Olduqca sadə, təvazökar, nurani bir insan idi.
1941-45-ci illər müharibəsinin od-alovundan keçmiş Əsəd Əsədov o qanlı illərin canlı şahidi kimi həmişə uşaqlara hərbi-vətənpərvərlik mövzusunda söhbətlər edərdi.
Müharibə başlayanda onun 20 yaşı vardı. Şamaxı Pedaqoji Texnikumunu yenicə bitirmişdi. Doğma Şamaxı (Mərəzə) rayonu Dağ- Kolanı kənd məktəbinə müəllim təyin olunmuşdu.
Atamın döyüş yolu Şimali Qafqazdan başlamışdır. Mozdok, Minvod, Armavir, Krasnodar şəhərlərinin düşmənlərdən təmizlənməsində igidlik göstərmişdir. Sonralar onun sorağı Kerçdən gəldi. 1941-42-ci illərin qışında sovet ordusunun Kerç yarmadasındakı desant əməliyyatında 77-ci Azərbaycan atıcı diviziyası da iştirak edirdi. 1942-ci ilin fevralında diviziya düşmənin 18-ci piyada diviziyasını sıxışdıraraq Yantar,Tulumçaq və Klet kədlərini azad etdi ....
77-ci diviziya 1942-ci ilin martında geri çəkilməyə məcbur olan sovet qoşunlarının Taman yarımadasına itkisiz keçməsinə şərait yaratdı. Bu diviziyanın 320 döyüşçüsü mərdlik və igidlik göstərdiklərinə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olundular. (Bax:Az-tarixi,VII cild. B. 2008. səh. 43-44)
Həmin günlərin acı xatirələrini atam belə xatırlayırdı. O deyirdi: “Biz Kerçdə olarkən azğınlaşmış faşistlər yerli camaatdan tələb etmişdilər ki, uşaqlarını oxumaq üçün məktəbə gətirsinlər. Həmin günün səhərisi məktəbə gəlmiş 245 nəfər uşağın heç biri evlərinə qayıtmadı. Bir neçə gündən sonra onların meyidləri şəhərdən bir qədər aralı dərədən tapıldı. Faşistlərin bu vəhşi hərəkətləri hamını sarsıtmışdı. O gün dostlarımla xeyli ağladıq. Hələ yaxşı alışmadığım ilk şagirdlərim yadıma düşdü. And içdik ki, günahsız məktəblilərin qanını yerdə qoymayacağıq.
Bu hadisə baş verən zaman Kerç şəhəri uğrunda qızğın döyüşlər gedirdi. Döyüşdə göstərdiyi igidliyə görə atam II dərəcəli “ Şərəf ” ordeni ilə mükafatlandırıldı.1944-ci ilin yanvarında döyüşlərin birində atam ağır yaralanır. O, bir müddət hərbi xəstəxanada müalicə olunur.1944-ci ilin axırında cəbhədən tərxis olunur. Göstərdiyi şücayətlərə görə Böyük Vətən müharibəsi veteranı Əsəd Səftər oğlu Əsədov II və III dərəcəli “Şərəf ”ordeni, “Stalin”medalı, eləcə də digər çoxlu sayda medallarla, fəxri fərmanlarla təltif edilmişdir.
Müharibədən qayıtdıqdan sonra ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. O, şagirdlərinə vətəni, torpağı sevməyi, xalqımızın tarixini öyrənməyi, dilinə, dininə məhəbbətlə yanaşmağı öyrətmişdir. 2 dəfə “Əmək veteranı” fəxri adına layiq görülmüşdür.
Hazırda atamın keçmiş şagirdləri içərsində görkəmli alimlər BDU-nun professoru mərhum S.Axıyev, onun qardaşı ATU-nun müəllimi , riyaziyyat elmləri namizədi Ə. Axıyev, coğrafiya elmləri namizədi N.Bəndəliyev, fizika - riyaziyyat elmləri namizədi F. Həsənov və neçə-neçə hüquqşünaslar, hərbçilər, həkimlər, müəllimlər, mühəndislər vardır.
Atam həmişə deyərdi:“Vətəni özünə doğma bilən adamlar tərbiyə etməyi bacarırıqsa, insanların xoşbəxtliyini təmin etmək mümkündür”.
Seyyub Əsədov
Şirvan şəhər T.Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi,
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015 - ci il tarixli 1635 №-li sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi